21 sentyabr – 1 oktyabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov Polşanın Varşava şəhərində dövlət qulluğu və insan kapitalının idarə olunması məsələlərinə həsr olunmuş beynəlxalq təlim proqramında iştirak edib.
Şərq Tərəfdaşlığı Dövlət İdarəçilik Akademiyasının tərkibində fəaliyyət göstərən Lex Kaçinski adına Milli Dövlət İdarəçilik Məktəbi tərəfindən təşkil olunan proqramda Şərq Tərəfdaşlığı ölkələrindən dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərən nümayəndələr bir araya gəliblər.
Təlim çərçivəsində iştirakçılara Polşada dövlət qulluğunun təşkili, insan resurslarının idarə olunması və kadr siyasətinin formalaşdırılması istiqamətində tətbiq olunan institusional mexanizmlər və qabaqcıl yanaşmalar təqdim edilib. Proqramın əsas mövzuları sırasında dövlət qulluğunda insan kapitalının inkişafı, səmərəli idarəetmə, peşəkar inkişaf və müasir "HR" alətlərinin tətbiqi məsələləri yer alıb.
Proqram iştirakçıları arasında təcrübə mübadiləsinin aparılması və müxtəlif ölkələrdə dövlət qulluğunun inkişafı üzrə yanaşmaların müqayisəli şəkildə müzakirəsi də təlimin mühüm istiqamətlərindən olub. Görüşlər zamanı dövlət idarəçiliyində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və institusional təcrübələrin paylaşılması imkanları nəzərdən keçirilib.
Təlimdə E.Abbasov Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, insan kapitalının idarə olunmasına müasir yanaşmalar, eləcə də DİM-in bu sahədə həyata keçirdiyi fəaliyyət və təşəbbüslər barədə təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizdə dövlət qulluğunun təkmilləşdirilməsi, insan resurslarının idarə olunması və innovativ həllərin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib.