2 oktyabr 2026-cı il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 15 illiyinə həsr olunmuş “Süni intellekt və rəqəmsal texnologiyalar dövründə keyfiyyətin yüksəldilməsi: təhsilin yeni üfüqləri” mövzusuna həsr olunmuş 10-cu Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyəti sədrinin müşaviri Aliyə Əliyeva iştirak edib.
Forumda Qazaxıstan Respublikasının elm və ali təhsil naziri, Qazaxıstan Respublikasının səhiyyə naziri, Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) prezidenti, Ümumdünya Tibbi Təhsil Federasiyasının (WFME) prezidenti, dövlət orqanları, ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq şəbəkələr, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Rusiya, Çin, Belarus, İtaliya, Türkiyə, Böyük Britaniya, Ermənistan və Latviya təhsil qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbir çərçivsəində çıxış edən İdarə Heyəti sədrinin müşaviri A.Əliyeva bildirib ki, süni intellektin təhsilə sürətlə nüfuz etdiyi bir dövrdə qiymətləndirmə yanaşmaları da köklü şəkildə dəyişməlidir. Eyni zamanda, məlumatın asanlıqla əldə olunduğu hazırkı şəraitdə əsas məsələ tələbənin yalnız nəyi yadda saxlamasını deyil, bilikləri praktiki olaraq necə tətbiq edə bilməsini, tənqidi təfəkkürünü və rəqəmsal savadlılığını ölçməkdir. Qiymətləndirmə prosesi yalnız imtahan mexanizmi deyil, təlim nəticələrini anlamaq və təhsilin keyfiyyətini artırmaq üçün vacib sübut mənbəyidir. Rəqəmsal texnologiyalar və böyük məlumatlar prosesləri daha sürətli və dəqiq etsə də, ədalətlilik, şəffaflıq və əlçatanlıq kimi dəyərlər qorunmalı, təhsilin mərkəzində hər zaman insan amili dayanmalıdır.
Çıxışda həmçinin DİM ilə IAAR arasında ali təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində davam edən sıx əməkdaşlıq, azərbaycanlı ekspertlərin akkreditasiya proseslərindəki fəal iştirakı və birgə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.