9 – 11 iyun 2025-ci il tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində “Qiymətləndirmənin gələcəyini formalaşdırmaq: rəqəmsal dünyada innovasiya, inklüzivlik və dürüstlük” mövzusunda beynəlxalq elektron qiymətləndirmə konfransı keçirilib. Texnologiyanın təhsil sahəsində transformativ rolunu vurğulayan bu mühüm beynəlxalq tədbirdə müxtəlif ölkələrdən mütəxəssislər, pedaqoqlar, siyasətçilər və texnologiya liderləri bir araya gəliblər.
Konfransda Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva da iştirak edib. O, Azərbaycanda imtahanların keyfiyyətinin artırılması və obyektiv qiymətləndirmə sistemlərinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüsləri beynəlxalq auditoriyaya təqdim edib.
K.Hacıyeva ABŞ-nin “Vantage Labs” şirkətinin qlobal əməliyyatlar üzrə vitse-prezidenti, süni intellekt əsaslı qiymətləndirmə sistemləri və avtomatlaşdırılmış yazı yoxlama texnologiyaları üzrə beynəlxalq səviyyədə tanınmış mütəxəssis Paul Edelblutun moderatorluğu ilə keçirilən panel müzakirəsində spiker qismində çıxış edib. Burada “İnkişaf etməkdə olan ölkələrdə e-qiymətləndirmənin yüksəlişi: bərabərlik və inklüzivlik” mövzusunda fikir mübadiləsi aparılıb.
K.Hacıyeva ölkəmizdə rəqabətqabiliyyətli və bacarıqlı gənclərin formalaşdırılması məqsədilə səriştə əsaslı, beynəlxalq təhsil standartlarına uyğun qiymətləndirmə modellərinin tətbiqinin vacibliyini vurğulayıb. O, Dövlət İmtahan Mərkəzinin bu sahədə 30 ildən artıq təcrübəyə malik olduğunu qeyd edərək əldə edilən nəticələr və tətbiq olunan innovativ yanaşmalar barədə ətraflı məlumat verib. Həmçinin Mərkəzin həyata keçirdiyi işlərin ölkəmizin Rəqəmsal İnkişaf Konsepsiyasına və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına kömək etdiyi diqqətə çatdırılıb.
Konfrans çərçivəsində dəyirmi masa və süni intellekt simpoziumu da keçirilib. İnteraktiv sessiyalarda süni intellektin qiymətləndirmədə tətbiqi, imtahan təhlükəsizliyinin gücləndirilməsi və texnologiyaların təhsildə daha geniş əlçatanlığı təmin etməsi kimi aktual məsələlər müzakirə olunub.
Bu konfrans təhsil sahəsində çalışan mütəxəssislər üçün innovativ həllərin, qabaqcıl metodologiyaların və qlobal yanaşmaların öyrənilməsi baxımından mühüm imkanlar yaradıb.