Kanadanın Toronto şəhərində Təhsildə qiymətləndirmə sahəsində dünyanın aparıcı peşəkar platformalarından biri olan Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (The International Association for Educational Assessment - IAEA) 51-ci İllik Konfransı öz işini davam etdirir.
1 oktyabr 2026-cı il tarixində Konfrans çərçivəsində IAEA-nın İllik Ümumi Yığıncağı (Annual General Meeting – AGM) keçirilib. Yığıncaqda IAEA-ya üzv təşkilatların nümayəndələri iştirak ediblər. Yığıncaq zamanı 2025-ci ildə Zambiyanın Livinqston şəhərində keçirilmiş İllik Ümumi Yığıncağın əsas məqamları, Assosiasiyanın Prezidentinin İcraiyyə Komitəsinin (Board of Trustees) fəaliyyəti barədə hesabatı, İcraiyyə Komitəsinə namizədliklər və seçkilər, Strateji Kommunikasiya Komitəsinin hesabatı, Tanınma Komitəsinin hesabatı, Assosiasiyaya üzvlük və maliyyə hesabatları, habelə IAEA-nın gələcək illik konfransları müzakirə edilib.
İllik Ümumi Yığıncaq zamanı DİM-in Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov DİM-in nümayəndəsi qismində IAEA-nın İcraiyyə Komitəsinin tam institusional üzvü kimi (https://iaea.info/about-us/iaea-board-of-trustees/), eyni zamanda İcraiyyə Komitəsinin nəzdində fəaliyyət göstərən Strateji Kommunikasiya Komitəsinin (https://iaea.info/iaea-committees/) rəhbəri kimi onlayn formada kommunikasiya hesabatını təqdim edib.
E.Şirinov hesabatını təqdim etməzdən əvvəl, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin IAEA-nın 51-ci İllik Konfransı münasibətilə IAEA-nın Prezidenti cənab Mafu Rakometsiyə, İcraiyyə Komitəsinin üzvlərinə və bütün IAEA ailəsinə, eləcə də bu ilki konfransın Kanadada keçirilməsinə ev sahibliyi edən Təhsilin Keyfiyyəti və Hesabatlılığı Ofisinə (EQAO) və Vretta şirkətinə ünvanladığı səmimi salamlarını və ən xoş arzularını çatdırıb. Daha sonra o, son bir il ərzində rəhbərlik etdiyi komitənin Assosiasiyanın görünürlüyünün və qlobal mövqeyinin gücləndirilməsi, maraqlı tərəflərlə əlaqələrin inkişaf etdirilməsi, müxtəlif iştirakçıların cəlb olunması, habelə Assosiasiyanın fəaliyyətinin dəyərinin və təsirinin səmərəli şəkildə kommunikasiya edilməsindəki rolu barədə hesabat təqdim edib.
Qeyd edək ki, əvvəlki TQDK-nın fəaliyyəti də nəzərə alınmaqla, DİM 1999-cu ildən Assosiasiyanın institusional üzvüdür və Azərbaycan 2007 və 2019-cu illərdə IAEA-nın illik beynəlxalq konfransına ev sahibliyi edib. 2008-ci ildə M.Abbaszadə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilərək, Assosiasiyanın fəaliyyətində yaxından iştirak etmiş və beynəlxalq səvviyədə aparılan işlərdə Azərbaycan təcrübəsini bölüşmüşdür. Sonrakı illərdə də, DİM ilə IAEA arasında əməkdaşlıq sıx şəkildə davam etdirilib.