6-7 oktyabr 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində Akreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təşkilatçılığı ilə “Qlobal təhsil məkanında transmilli əməkdaşlıq” mövzusunda VI Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilib.
Forumda DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev və Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev iştirak ediblər. DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev Forumun açılışındakı plenar iclasda çıxış edərək DİM-in fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər və tərəfdaşları, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar və tələbələrin mobilliyinə verilən töhfələr haqqında iştirakçılara məlumat verib. Bundan əlavə, DİM-in əməkdaşları sessiyalarda və dəyirmi masada keçirilən müzakirələrdə də iştirak ediblər.
Forumun gedişində DİM ilə IAAR arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb.