1-4 noyabr 2023-cü il tarixlərində Malta Respublikasında Malta Universitetinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyasının (Association for Educational Assessment – Europe) “Qiymətləndirmə islahatlarında gedilən yol: məqsədlər, tətbiq və dəyərləndirmə” mövzusunda 24-cü illik konfransı keçirilib.
Konfransda Mərkəzin Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentinin əməkdaşları Fuad Əhmədov və Elmir Şirinov iştirak ediblər. DİM-in əməkdaşları həmçinin konfrans çərçivəsində təşkil edilən “Süni zəka qiymətləndirmə islahatları aləti kimi” mövzusunda təlim-məşğələnin iştirakçısı olublar. Konfrans zamanı təcrübə mübadiləsi üçün iştirakçılarla müzakirələr aparılıb və Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin daha ətaflı tanıdılması məqsədilə bir sıra konfrans iştirakçısına mərkəzin “Korporativ məlumat kitabçası” təqdim olunub.
Qeyd edək ki, Malta Universiteti tərəfindən keçirilən builki konfrans zamanı aşağıdakı mövzular üzrə təqdimatlar edilib:
• Psixometriya və test tərtibi;
•Qiymətləndirmə mədəniyyətləri;
• Praktik bacarıqların qiymətləndirilməsi;
• Gözlənilməz vəziyyətlərə cavab verən qiymətləndirmə;
• Müqayisəli mühakimə;
• E-Qiymətləndirmə;
• Bərabərlik və sosial ədalət;
• Formativ qiymətləndirmə;
• Summativ qiymətləndirmə;
• Ali təhsil və qiymətləndirmə;
• Beynəlxalq qiymətləndirmə;
• Milli yoxlama və imtahanlar;
• İstifadəçilərin və ictimaiyyətin qiymətləndirməyə baxışı;
• Texniki, peşə və tətbiqi qiymətləndirmə.
Konfransın spikerləri Böyük Britaniya, Amerika, İsrail, Norveç, Almaniya, Niderland və digər ölkələri təmsil ediblər. “AEA Europe”-ın 24-cü illik konfransı haqqında geniş məlumatı keçiddən əldə etmək mümkündür: 2023.aea-europe.net
Qeyd edək ki, Təhsilin Qiymətləndirilməsi üzrə Avropa Assosiasiyası (AEA Europe) qiymətləndirmə təşkilatları, tədqiqat institutları, universitetlər və digər maraqlı tərəflərin qiymətləndirmə üzrə bilik və təcrübə mübadiləsi üçün platformadır. “AEA Europe” hər il əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi məqsədilə elmi təqdimatların edildiyi konfranslar təşkil edir.
“AEA Europe” haqqında ətraflı məlumat: https://aea-europe.net/