Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin (dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması) 3-cü bəndində nəzərdə tutulmuş məsələlərin (dövlət qulluğunda sertifikasiya sisteminin təkmilləşdirilməsi) icrası üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum müəyyən edilib.
Nəzərdə tutulmuş məsələlərin icrası çərçivəsində, 7 – 9 oktyabr 2024-cü il tarixlərində DİM-in Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin əməkdaşları üçün Niderlandın İmtahan və Sertifikasiya üzrə Tədqiqat Mərkəzinin (RCEC) direktoru Arnold Brauer tərəfindən dövlət qulluqçularının istedad yönümlü seçim prosesinin təkmilləşdirilməsi istiqamətində təlim keçirilib.
Təlimin keçirildiyi 3 gün ərzində səriştələrin, istedadın və performansın idarəolunması üzrə nəzəri bloklar iştirakçılara izah edilib. Dövlət qulluqçularının seçimində şəxsi xüsusiyyətlərin müəyyənləşdirilməsi və dəyərlərin ölçülməsi, həmçinin mövcud səriştə modelləri arasında uyğunluğun ölçülməsinə dair praktik tapşırıqlar işlənilib. Həmçinin işə qəbul zamanı qiymətləndirmə mərkəzi metodunun tətbiqində istifadəsi mümkün alətlər də müzakirə olunub.
Təlim zamanı fərdi və qrup tapşırıqları, qrup müzakirələri, məsələlərə dair praktik həllərin hazırlanması kimi interaktiv metodlardan istifadə edilib. Təlimin sonunda iştirakçılara RCEC-nin sertifikatları təqdim edilib.