23 – 25 iyun 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti (UN DESA) və Gürcüstanın Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Dövlət müəssisələrinin transformasiyası: innovasiya, hesabatlılıq, iştirak və inklüzivliyin inkişafı" (Transforming Public Institutions: Advancing Innovation, Accountability, Participation and Inclusion) mövzusunda beynəlxalq forum keçirilib.
Tədbir dövlət idarəçiliyində müasir çağırışlar, innovativ yanaşmalar və institusional islahatların təşviqi məqsədilə müxtəlif ölkələrin dövlət qurumlarının rəhbər şəxsləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib. Forumda Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov da iştirak edib.
Forum çərçivəsində dövlət müəssisələrinin dayanıqlılığının gücləndirilməsi, rəqəmsal transformasiya, süni intellekt və digər yeni texnologiyaların dövlət idarəçiliyində tətbiqi, ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflıq və hesabatlılığın artırılması, inklüziv idarəetmə, etik idarəçilik, liderlik, institusional innovasiya və dövlət qulluğunda müasir yanaşmalar kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
Forum çərçivəsində B.Xəlilov Astana Dövlət Qulluğu üzrə Regional Xabı (ACSH), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi (MOIS), Milli İnformasiya Cəmiyyəti Agentliyi (NIA) və ev sahibi tərəfdaş qismində Gürcüstanın Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "İdarəetmədə süni intellekt: Səmərəlilik və ictimai maraqların balanslaşdırılması" mövzusunda seminarda iştirak edib. Seminar zamanı dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya, insan resurslarının inkişafı, dövlət qulluğunda səriştə əsaslı yanaşmalar və qiymətləndirmə sistemləri sahələrində fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə əldə olunan təcrübə və beynəlxalq yanaşmaların öyrənilməsi dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət qulluğunda müasir idarəetmə alətlərinin tətbiqi və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən islahatlara töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.