Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov 22 avqust 2025-ci il tarixində Almatı şəhərində Qazaxıstanın Dövlət Qulluğu üzrə Agentliyi və İnsan Resursları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 'İnsan Resursları' beynəlxalq forumunda iştirak edib.
B.Xəlilov forum çərçivəsində keçirilən “GovTalks" mövzusunda interaktiv paneldə çıxış edərək Azərbaycan Respublikasının dövlət qulluğu sahəsində həyata keçirilən institusional islahatlar, insan resurslarının təkmilləşdirilməsi üçün tədbiq olunan yeniliklər və dövlət qulluğunda səriştə modelinin tətbiqi barədə məlumat verib. Müzakirələr çərçivəsində qarşlıqlı fikir mübadiləsi aparılıb və sədr müavini tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Forumda Qazaxıstanın Dövlət Qulluğu üzrə Agentliyinin sədri Darkhan Zhazykbay, Dövlət Qulluğu üzrə Astana Regional Xabının İdarəetmə Komitəsinin sədri Alikhan Baimenov, ölkənin aparıcı kadr mütəxəssisləri və müəssisə rəhbərləri, bununla yanaşı Qırğızıstan, Özbəkistan və Gürcüstan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Forumun əsas məqsədi region ölkələri arasında dövlət qulluğu sahəsində qabaqcıl təcrübələrin mübadiləsi və dövlət idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi olub.