4 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində fəaliyyətini başa çatdıran bir qrup könüllüyə sertifikat təqdim olunub.
Görüşdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə könüllü fəaliyyətini başa vuran gəncləri təbrik edərək onlara öz təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. M.Abbaszadə gənclərə real iş mühitində praktiki bacarıqların inkişaf etdirilməsi, doğru qərarların verilməsi, planlaşdırma, şəxsi potensialın düzgün istiqamətdə inkişaf etdirilməsi ilə bağlı tövsiylərini verib.
Daha sonra DİM-in əməkdaşları çıxış edərək könüllülərin cəlb olunduğu işlər və onların fəaliyyəti haqqında məlumat veriblər.
Könüllülər də çıxış edərək DİM-də təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib və bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Tədbirin sonunda 144 saatlıq proqramı uğurla başa vuran 116 könüllüyə müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə 2024-cü il noyabr ayından start verib. Hazırda proqram beş yüzdən artıq aktiv könüllü ilə davam etdirilir.
Müəyyən seçim mərhələlərini uğurla başa vuran könüllülər Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə və öz istəklərinə uyğun İmtahanların təşkili və idarəedilməsi, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar, E-imtahanlar və müsahibələrin təşkili, Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş, İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentlərində, həmçinin İnsan resurslarının idarə edilməsi şöbəsində müxtəlif proseslərə cəlb edilirlər.
Bu layihənin əsas məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan verməkdir.