4 iyun 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində fevral – may ayları ərzində fəaliyyət göstərən bir qrup könüllüyə sertifikat təqdim olunub.
Görüş zamanı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə könüllülük proqramını uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, onların təşəbbüskarlığını və məsuliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, könüllülərin fəaliyyət dövründə qazandıqları təcrübənin gələcək karyera yollarında mühüm rol oynayacağını vurğulayıb. Sədr çıxışında real iş mühitində əldə olunan praktiki bilik və bacarıqların əhəmiyyətindən danışaraq, gənclərə daim öz üzərində işləməyi, düzgün planlaşdırma aparmağı tövsiyə edib.
Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova-Didavari və Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov çıxış edərək fəaliyyət müddətində qazandıqları praktik bilik və bacarıqlar, komanda ilə işləmək təcrübəsi və real iş prosesində iştirak imkanlarının könüllülərin formalaşmasında mühüm rol oynayacaqlarını bildiriblər.
Daha sonra könüllülər çıxış edərək proqram çərçivəsində onlar üçün yaradılmış əlverişli şəraitə görə təşəkkürlərini ifadə ediblər.
Tədbirin sonunda 230 könüllüyə müvafiq sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə 2024-cü il noyabr ayından start verib.
Müəyyən seçim mərhələlərini uğurla başa vuran könüllülər bu il Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə və öz istəklərinə uyğun İmtahanların təşkili və idarəedilməsi (368 nəfər), İnformasiya texnologiyaları (215 nəfər), Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar (178 nəfər), E-imtahanlar və müsahibələrin təşkili (165 nəfər), Texnoloji nəzarət və materialların çapı (35 nəfər), həmçinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentində (11 nəfər) müxtəlif proseslərə cəlb ediliblər.
Bu layihənin əsas məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan verməkdir.
Qeyd edək ki, iyun ayının əvvəllərindən etibarən DİM-də yeni könüllülər fəaliyyətə başlayacaqlar.