14 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində may–avqust ayları ərzində könüllü fəaliyyətini həyata keçirmiş gənclərə sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
Tədbir zamanı Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Aliyə Əliyeva könüllülük proqramını uğurla tamamlayan gəncləri təbrik edərək, onların fəaliyyət müddətində göstərdikləri fəallıq, təşəbbüskarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirib. O, könüllülük çərçivəsində əldə olunan təcrübənin gənclərin gələcək peşəkar inkişafında və karyera istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib. Çıxışında real iş mühitində qazanılan praktiki bilik və bacarıqların əhəmiyyətinə toxunan Aliyə Əliyeva gənclərə qarşıya qoyduqları məqsədlərə çatmaq üçün daim öz üzərlərində işləməyi və fəaliyyətlərini düzgün planlaşdırmağı tövsiyə edib.
Dövlət İmtahan Mərkəzinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Günəş Qədimova, Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektor müdiri Eltun Süleymanov və Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Elnarə Tağıyeva çıxışlarında könüllülərin fəaliyyət müddətində əldə etdikləri praktiki təcrübənin, komanda daxilində əməkdaşlıq bacarıqlarının və real iş proseslərində iştirak imkanlarının onların şəxsi və peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Daha sonra könüllülər çıxış edərək proqram müddətində onlar üçün yaradılmış şəraitə, göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Tədbirin yekununda 264 könüllüyə fəaliyyət istiqamətlərinə uyğun müvafiq sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinin icrasına 2024-cü ilin noyabr ayından başlayıb.
Müəyyən edilmiş seçim mərhələlərini uğurla keçən könüllülər cari il ərzində Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətləri və şəxsi maraqları nəzərə alınmaqla İmtahanların təşkili və idarəedilməsi departamentində (341 nəfər), İnformasiya texnologiyaları şöbəsində (172 nəfər), Elektron imtahanlar və müsahibələrin təşkili departamentində (160 nəfər), Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar departamentində (72 nəfər), İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentində (59 nəfər), Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsində (52 nəfər), həmçinin Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsində (49 nəfər) müxtəlif iş və proseslərə cəlb olunublar.
Layihənin əsas məqsədi gənclərin praktiki və peşəkar bacarıqlarının inkişafına şərait yaratmaq, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək, real iş mühitində təcrübə qazanmalarına imkan vermək və gələcək karyera istiqamətlərinin formalaşmasına dəstək göstərməkdir.
Qeyd edək ki, sentyabr ayının ortalarından etibarən Dövlət İmtahan Mərkəzində yeni könüllülərin fəaliyyətə başlaması nəzərdə tutulur.