21 – 26 sentyabr 2025-ci il tarixlərində Zambiyanın Livinqston şəhərində Qiymətləndirmədə çeviklik: Təhsildə sürətli transformasiyalara uyğunlaşma (Assessment Agility: Navigating Rapid Educational Transformations) mövzusunda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 50-ci illik konfransı keçirilib. Konfransda Azərbaycan da daxil olmaqla, Asiya, Afrika, Avropa və Amerika qitələrindən 40-dan çox ölkə iştirak edib.
Konfransın plenar sessiyalarında Kurikulum islahatları və çevik qiymətləndirmə, Ali təhsildə çeviklik və qlobal standartlarla uyğunluq, Cənubi Afrikada qiymətləndirmədə İKT-nin rolu, Rəqəmsal qiymətləndirmə və xüsusi ehtiyaclı şagirdlər üçün imkanlar, Əsas bacarıqların ölçülməsi və təhsil siyasətində balans, Afrikada qiymətləndirmə çevikliyinin gələcəyi, Süni intellekt və dil modellərinin qiymətləndirməyə təsiri kimi mövzular təqdim edilib və müzakirələr aparılıb.
Plenar sessiyalarla yanaşı, müxtəlif panellərdə məruzələr təqdim olunub və onlar arasında DİM-in nümayəndələrinin təqdimatları beynəlxalq mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva “Bridging global standards with local innovation: piloting a digital language proficiency platform” adlı məruzəsində Azərbaycan dili üzrə CEFR-ə əsaslanan rəqəmsal qiymətləndirmə platformasının pilot layihəsini təqdim edib. Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov “Tendencies of students’ choice of speciality when applying to higher education institutions in Azerbaijan with a focus on pedagogical specialities” adlı təqdimatında pedaqoji ixtisaslara müraciət edən abituriyentlərin nəticələri üzrə tendensiyaları, gender və regional fərqləri təqdim edib. Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsinin müdiri Tural Dünyamalıyev isə “Security measures implemented in the development, electronic administration, and processing of examination materials” adlı çıxışında imtahan materiallarının hazırlanması və elektron idarə olunmasında tətbiq edilən müasir təhlükəsizlik sistemləri barədə danışıb.
Sentyabrın 26-da konfransın bağlanış mərasimi keçirilib. Bağlanış mərasimi zamanı IAEA-nın prezidenti Dr. Mafu Rakometsi, konfransa ev sahibliyi edən Zambiyanın İmtahanlar Şurasının (ECZ) baş icraçı direktoru Maykl Çilala və digər rəsmi şəxslər çıxış edərək və konfransın təşikilinə, faydalarına və yekunlarına dair fikirlər səsləndiriblər. Bağlanış mərasimi zamanı həmçinin assosiasiyasının növbəti illik konfransının təşkilatçılarından Kanadanın Vretta şirkətinin prezidenti Anand Karat növbəti il keçiriləcək olan IAEA-nın 51-ci illik Konfransı barədə təqdimat edib. Belə ki, IAEA-nın 2026-cı ildə keçiriləcək illik konfransı Kanadanın Təhsil Keyfiyyəti və Hesabatlılıq Ofisinin (Education Quality and Accountability Office) ev sahibliyi və Vretta şirkətinin təşkilati dəstəyi ilə Kanadada keçiriləcəkdir.
Qeyd edək ki, DİM (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının institusional üzvüdür, 2007 və 2019-cu illərdə sözügedən konfransa ev sahibliyi edib. Hazırda DİM assosiasiyanın İdarə Heyətinin üzvlüyündə (https://iaea.info/about-us/iaea-board-of-trustees/) təmsil olunur.
Konfransın proqramı ilə buradan tanış ola bilərsiniz.