8–9 oktyabr tarixlərində Şamaxı şəhərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə dövlət sektorunda rəqəmsal transformasiya, idarəetmə proseslərinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin inkişafı məsələlərinə həsr olunmuş “Rəqəmsal liderlik” tədbiri keçirilib.
Sözügedən tədbirdə DİM-in Rəqəmsal inkişaf, innovasiayalr və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov iştirak edib. Tədbir zamanı dövlət idarəçiliyində müasir yanaşmalar, rəqəmsal həllərin tətbiqi, strateji planlaşdırma və dövlət xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.
İki gün davam edən proqram çərçivəsində dövlət qurumlarının nümayəndələri və sahə üzrə mütəxəssislər rəqəmsal inkişafın prioritetləri, qurumlararası məlumat mübadiləsi, büdcələşmə və indikativ planlama, eləcə də rəqəmsal xidmətlərin təkmilləşdirilməsi mövzularını müzakirə ediblər.
Tədbirin ilk günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Sessiyalarda yol xəritələrinin hazırlanması, rəqəmsal xidmətlərin təkmilləşdirilməsində servis dizaynı yanaşması, büdcələşmə və əsas fəaliyyət göstəricilərinin formalaşdırılması, “Rəqəmsal məlumat mübadiləsi” altsistemində dəyişikliklər, “mygov biznes” platformasının mövcud vəziyyəti və rəqəmsal inkişaf istiqamətində hüquqi islahatlar barədə çıxışlar dinlənilib. Eyni zamanda,“Büdcələşmə, indikativ planlama və ƏFG formalaşdırılması” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirin ikinci günündə isə “Dövlət xidmətlərinin rəqəmsallaşması” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, Ədliyyə Nazirliyi, TƏBİB, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı dövlət xidmətlərinin rəqəmsallaşdırılması, müxtəlif qurumlar arasında əməkdaşlıq və rəqəmsal həllərin idarəetmə proseslərində tətbiqi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
“Rəqəmsal liderlik” tədbiri dövlət qurumları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, rəqəmsal transformasiya üzrə prioritetlərin müzakirəsi və dövlət xidmətlərinin inkişafına dair yanaşmaların paylaşılması baxımından əhəmiyyətli rol oynayıb.