2 dekabr 2020-ci il tarixində DİM-in təşəbbüsü ilə təşkil olunmuş onlayn praktiki-məşğələ OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və Avropa İttifaqının SIGMA proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət qulluğu sistemi üçün səriştə (kompetensiya) modelinin tətbiqi istiqamətində planlaşdırılmış fəaliyyətin hazırlıq mərhələsini əhatə edir.
Tədbirin əsas məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsi istiqamətində qeyd olunan modelin Azərbaycan Respublikasının dövlət qulluğu sistemində tətbiqinə dair təcrübə mübadiləsi və hazırlıq mərhələsinin müzakirə edilməsi olub.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov beynəlxalq əlaqələr istiqamətindəki fəaliyyətində SIGMA ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, həmçinin dövlət qurumlarından olan nümayəndələri beynəlxalq əməkdaşlıq çərçivəsində dövlət qulluğu sistemi üçün səriştə modelinin qurulması istiqamətində aparılan fəaliyyətdə fəal olmağa çağırıb.
Tədbir SIGMA ekspertlərinin aşağıdakı təqdimatları ilə davam edib:
- Dövlət qulluğunda “Səriştə modelləri”, Aine Gray, SIGMA eksperti;
- Dövlət qulluğunda səriştəyə əsaslanan “İRİE” modeli, Laura Hamidova, SIGMA eksperti.
Sonda DİM-in şöbə müdiri Vüqar Əsgərov və sektor müdiri Pərviz Kazımov Azərbaycanın dövlət qulluğu sistemində səriştə modelinin tətbiqinə dair hazırlıq işləri haqqında iştirakçıları məlumatlandırıb və müvafiq nazirlik və digər dövlət qurumlarının nümayəndələrinin suallarının cavablandırılması ilə tədbir yekunlaşıb.
Təlim onlayn platforma üzərindən ingilis, eləcə də Azərbaycan dillərində təqdim olunub.