19 fevral 2023-cü il tarixində DİM-in Xaçmaz Regional Bölməsində müxtəlif idarə və təşkilatlarda çalışan imtahan rəhbərlərinin iştirakı ilə "Rəhbərlərlə ümumi təlimat: prosesə metodoloji və psixoloji aspektdən yanaşma” adlı təlim təşkil olunub.
Əvvəlcə qardaş Türkiyə Cümhuriyyətində yaşanmış dəhşətli zəlzələnin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən regional bölmənin müdiri Faiq Nadirsoy qarşıya qoyulan hədəfləri elan edib, həmçinin DİM və regional bölmənin fəaliyyət istiqamətləri ilə bağlı təqdimat nümayiş etdirib.
Daha sonra bölmənin məsləhətçisi R.Baxışov “İmtahanlar, onların mahiyyəti. İmtahan prosesinin təşkili və imtahan texnologiyaları: nəzəri və praktik baxış” mövzusunda təqdimatla çıxış edib, imtahan rəhbərləri üçün təlimatın önəmli məqamları ilə bağlı ətraflı izahat verib.
Növbəti təqdimatda DİM-in “Psixoloji qiymətləndirmə və diaqnostika” şöbəsinin əməkdaşı G.Həsənova tədbirə videobağlantı ilə qoşularaq “İmtahan prosesinin psixoloji tərəfləri” mövzusunda danışıb. Təqdimat zamanı imtahan prosesində yaşana biləcək çətinliklər və onların həll yolları, imtahan rəhbərinin psixoloji obrazı, səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması texnikaları, həmçinin etik davranış qaydaları mövzularında müzakirə aparılıb.
İnteraktiv formada həyata keçirilən təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanəb.
Tədbirin sonuncu hissəsi praktik situasiyalarla bağlı qarşılıqlı müzakirə formatında təşkil olunub. Burada bölmənin böyük məsləhətçisi Ş.Şahbazov iştirakçıları maraqlandıran sualları cavablandırıb, imtahda baş verən və baş verə biləcək müxtəlif hal və situasiyalarda imtahan rəhbərlərinin optimal davranış və qərarvermə qabiliyyətləri barədə diskussiya aparılıb.