31 mart 2022-ci il tarixində DİM-də The International Baccalaureate® (IB) təşkilatının Avropa, Afrika və Yaxın Şərq ölkələrində IB proqramının inkişafı və tanınması üzrə baş meneceri Vedrana Pavletik, Avropa Azərbaycan məktəbinin direktoru Françesko Bankini və DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin rəhbəri Nigar Hüseynova, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və şöbənin digər əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Qonaqlar əvvəlcə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar.
Daha sonra tərəflər arasında Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə qəbul qaydaları və müsabiqədənkənar qəbul prosesi barədə ətraflı müzakirə aparılıb. IB təşkilatının nümayəndəsi IB proqramı barədə qısa məlumatı, son illər üzrə inkişaf tendensiyaları və region üzrə statistik göstəriciləri əhatə edən təqdimat nümayiş etdirib.
Görüşdə DİM tərəfindən 2019-cu ildən etibarən aparılan beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu haqqında statistik göstəricilər və IB nəticələrinin həqiqiliyinin yoxlanılması üzrə beynəlxalq platformaya dair məlumat təqdim olunub və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda əməkdaşlıq istiqamətlərinə dair təkliflər səsləndirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.