Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən 12-16 dekabr 2023-cü il tarixlərində Qazaxıstan Respublikasının “Orleu” Milli Təkmilləşdirmə Mərkəzinin sifarişi əsasında mərkəzin nümayəndələri üçün “Təhsil nailiyyətlərinin qiymətləndirilməsində test materiallarının hazırlanması və tətbiqi” mövzusunda beş günlük təlim keçirilir.
Qeyd edək ki, müəllimlərin və təhsil mütəxəssislərinin peşəkar inkişafı, yaşlıların təhsili, elmi tədqiqatlar və qabaqcıl təhsil təcrübələrinin öyrənilməsi və təbliği sahəsində aparıcı təşkilat olan “Orleu” Milli Təkmilləşdirmə Mərkəzi təkcə Qazaxıstanda deyil, bütün Mərkəzi Asiya və postsovet ölkələrində bu sahədə fəaliyyət göstərən nüfuzlu qurumlardan biri hesab olunur.
Dövlət İmtahan Mərkəzinin təhsilin qiymətləndirilməsi sahəsində çoxillik təcrübəsi və nəaliyyətləri, təşkilatlar arasında mövcud olan uzunmüddətli ikitərəfli əlaqələr, habelə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi əsasında təşkil olunan təlimlər böyük maraqla qarşılanıb.
Dövlət İmtahan Mərkəzinin inzibati binasında təşkil olunan 5 günlük təlimlər zamanı DİM-in əməkdaşları tərəfindən aşağıdakı mövzularda məşğələlər keçirilir:
- "Pedaqoji test";
- "Test tapşırıqlarının formaları";
- "Təhsil nailiyyətlərinin qiymətləndirilməsi";
- "Testlərin nəticələrinin statistik təhlili";
- “Təhsil nailiyyətlərinin qiymətləndirilməsində Müasir test nəzəriyyəsinin (Item Response Theory) tətbiqi”.
Təlimlər zamanı iştirakçılara mövzularla bağlı nəzəri və praktik biliklər verilir, təqdimatlar nümayiş etdirilməklə geniş müzakirələr aparılır.
Xatırladaq kı, təlimlərin ilk günü – 12 dekabr tarixində qonaqlar DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar və onlara qiymətləndirmə, imtahanların təşkili üzrə görülən işlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması üçün Dövlət İmtahan Mərkəzində yaradılmış şərait nümayiş etdirilib.
Dekabrın 14-də isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təlim iştirakçıları ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq, təhsilin qiymətləndirilməsi sahəsində mövcud problemlər, yeniliklər və elmi nəaliyyətlər ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
16 dekabr tarixinədək davam edəcək təlimlərin son günü iştirakçılara təlim mövzularına dair tədris materialları paylanılacaq və sertifikatlar təqdim olunacaq.