Təlimlərdən öncə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Şəki şəhərində Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edərək onların məzarları önünə gül dəstələri qoyublar. İclaslarda iştirakçılar şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verib.
Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə Könül Həsənova, fizika fənni üzrə Əlövsət Rəcəbli, kimya fənni üzrə Afiqə Batıyeva, biologiya fənni üzrə Eynulla Musayev və tarix fənni üzrə Royal Qulusoy müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.
Sonuncu mərhələdə kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər. Müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına (marker kimi) cəlb ediləcəklər.
Seminarların əvvəlində Dövlət İmtahan Mərkəzinin Şəki Regional Bölməsinin müdiri Səbuhi Hüseynov buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb.
Seminarlarda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələ rayonlarından olan alman və fransız dili müəllimləri və Şəki Şəhər Təhsil Şöbəsinin xarici dil fənləri üzrə metodisti iştirak ediblər.
Fransız dili fənni üzrə Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova, alman dili fənni üzrə isə Azərbaycan Dillər Universitetinin dosenti Raya Həsənova buraxılış (9 və 11-illik təhsil bazaları əsasında) imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması mümkün olan alt standartlar, proqramlar haqqında məlumat verərək, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları, Çəmən Babaxanova və Raya Həsənova tərəfindən cavablandırılıb.