Məlumat üçün bildiririk ki, Dövlət İmtahan Mərkəzi ilə SOCAR arasında şirkət əməkdaşları üçün imtahanların təşkili və idarə edilməsi sahəsində müvafiq təlimlərin keçirilməsi məqsədilə müqavilə bağlanılıb. Razılığa əsasən, şirkətin müvafiq şöbəsinin əməkdaşları Mərkəz tərəfindən həyata keçirilən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinə cəlb olunublar.
Əməkdaşlar ilk olaraq müsahibəyə dəvət edilib, həmçinin onlar psixometrik test imtahanına cəlb ediliblər. Psixometrik test imtahanında iştirakçıların emosional sabitlik, liderlik və özünüidarəetmə keyfiyyətləri ölçülüb.
Daha sonra əməkdaşlar ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanına cəlb ediliblər. Bu mərhələni də uğurla keçən əməkdaşlar üçün “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” və “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” mövzularına aid təlimlər təşkil olunub.
Təlimlər zamanı imtahan prosesinə aid stress və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, imtahan prosesində ünsiyyət, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri haqqında nəzəri məlumatlar verilib, eləcə də praktiki tapşırıqlar icra olunub və fikir mübadiləsi aparılıb.
Sonuncu mərhələdə əməkdaşlar təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün yekun test imtahanına cəlb ediliblər.
Bütün mərhələləri uğurla keçən SOCAR əməkdaşlarına nəticələrinə müvafiq olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda da iştirak hüququ verən “A” və “B” kateqoriyalı zal nəzarətçisi sertifikatları təqdim olunub.