4 iyun 2024-cü il tarixində Azərbaycanda səfərdə olan ACCA-in (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) regional mərkəzinin nümayəndələri ilə DİM-də görüş keçirilib.
Görüşdə DİM-in müvafiq struktur bölmələrinin əməkdaşları və ACCA-in Avrasiya və Yaxın Şərq üzrə rəhbəri Fazeela Gopalaninin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Görüşdə tərəflər peşəkar mühasib sertifikatı (PMS) imtahanlarının məzmununun təkmilləşdirilməsi və ACCA kvalifikasiyalarına uyğunlaşdırılması, eyni zamanda imtahanın gələcəkdə rəqəmsallaşdırılması üçün lazımi tədbirlər planını müzakirə ediblər.
Eyni zamanda ACCA qurumunun mütəxəssisləri tərəfindən PMS imtahanının test tapşırıqlarının hazırlanması üzrə yerli mütəxəssislərə təlimlərin keçirilməsi üzrə razılıq əldə edilib.
Xatırladaq ki, DİM ilə ACCA 1 sentyabr 2021-ci il tarixində Anlaşma memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıblar. Qurumlar arasındakı əməkdaşlıq peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarının araşdırılması, ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün qarşılıqlı fəaliyyət və tədbirlərin həyata keçirilməsi, mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək məqsədilə birgə proqramların təşkil edilməsi də daxil olmaqla geniş əhatə dairəsinə malikdir.