2026-cı il aprelin 10-da Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Dövlət İmtahan Mərkəzi ilə British Council arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə Azərbaycanda IELTS imtahanlarının təşkili və inkişafı sahəsində tərəfdaşlığın daha da gücləndirilməsini, namizədlərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsini, eləcə də beynəlxalq qiymətləndirmə və dil sertifikatlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində beynəlxalq ingilis dili qiymətləndirməsinin ölkə üzrə əlçatanlığının artırılması, kompüter əsaslı imtahan texnologiyalarının tətbiqinin genişləndirilməsi və namizədlər üçün daha müasir, rahat və təhlükəsiz imtahan mühitinin yaradılması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.
“IELTS” (International English Language Testing System – Beynəlxalq İngilis Dili Test Sistemi) dünyanın ən geniş tanınan ingilis dili qiymətləndirmə sistemlərindən biridir və British Council, IDP Education və Cambridge English tərəfindən birgə idarə olunur. Dövlət İmtahan Mərkəzinin Azərbaycanda IELTS imtahanları üzrə rəsmi qeydiyyat və imtahan mərkəzi kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.