14 aprel 2023-cü il tarixində kompüter əsaslı ingilis dili üzrə kvalifikasiya imtahanları barədə vebinar keçirilib.
Vebinarın spikeri qurumun Ukrayna və Qafqazda biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk kompüter əsaslı Kembric ingilis dili kvalifikasiya imtahanları (Cambridge English Qualifications) barədə ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıb. Bununla yanaşı, A2, B1, B2, C1, C2 kvalifikasiyalarının fərqi, bu kvalifikayaların üstünlüklükləri, imtahanlara hazırlıq prosesi, Kembric sertifikatın keçərli olduğu ölkələr, Kembric ingilis dili imtahanlarına qeydiyyat prosesi barədə danışılıb.
Kembric ingilis dili kvalifikasiyaları ingilis dilini xarici dil kimi öyrənənlər üçün ingilis dili üzrə bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə hazırlanmış imtahanlar qrupudur. Bu kvalifikasiyalar hər yaşdan və istənilən səviyyədə ingilis dili bacarıqlarına sahib insanları ingilis dilini öyrənməyə həvəsləndirir və gündəlik həyatda lazım olan praktiki bacarıqları inkişaf etdirir. Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu 4 istiqamət üzrə (azyaşlı, məktəblilər, ümumi və ali təhsil və biznes) müvafiq imtahanlar təklif edir.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric İngilis dili Kvalifikasiyaları ilə yanaşı Kembric İngilis dili üzrə Tədris kvalifikasiyası olan TKT imtahanını da təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.
DİM tərəfindən təşkil olunan Kembric imtahanlarının tarixləri ilə keçid vasitəsilə tanış ola bilərsiniz.