Dövlət İmtahan Mərkəzində doktorantura və magistratura imtahanları (alman dili) üzrə mətn və test tapşırıqlarının yazılması və ekspertizasının effektliliyinin artırılması məqsədilə 23 yanvar 2025-ci ildə təlim təşkil olunub. Təlim Alman Akademik Mübadilə Xidmətinin (DAAD) əməkdaşı Klaudio Kasperl Feliks tərəfindən keçirilib. İki hissədən ibarət olan təlimin birinci hissəsində test tapşırıqları ilə bağlı nəzəri, ikinci hissədə isə praktiki məsələlər müzakirə olunub. İkinci hissədə DİM tərəfindən keçirilən doktorantura və magistratura imtahanlarının səviyyəsinə uyğun mətnlər seçilib. Doktorantura və magistratura imtahanları üzrə tapşırıqlar tipinə uyğun seçilmiş mətnlərə yeni tapşırıqlar yazılaraq (TestDaF, Telc B2 və Goethe B2) alman dili üzrə beynəlxalq sertifikat imtahanlarının tapşırıqları arasında müqayisələr aparılıb, aradakı fərqlər müzakirə edilib.
Təlimin sonunda iştirakçılar tərəfindən yazılan tapşırıq nümunləri təhlil olunub və qiymətləndirmə aparılıb.