“Zoom” platforması üzərindən keçirilən vebinar yeni nəsil mühasibatlıq və maliyyə mütəxəssisləri üçün mühasibatlıq və maliyyənin gələcəyi, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barədə maarifləndirmə məqsədini daşıyıb.
Vebinarı giriş sözü ilə açan DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn sürətlə dəyişikliklərə məruz qalan ənənəvi peşə sahələrində zamanla ayaqlaşmanın və bu mövzuda beynəlxalq kvalifikasiyaların rolundan danışıb.
ACCA-nın Türkiyə qolunun rəhbəri Filiz Demiröz ACCA-nın “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının nəticələrini auditoriya ilə bölüşüb. Filiz Demiröz öz çıxışı zamanı bu peşə sahəsində baş verən karyera trendləri, yeni yaranan karyera seqmentləri və ACCA-nın yeni Karyera Naviqasiya aləti haqqında danışıb.
ACCA Türkiyə qolunun Bazarın İnkişafı və Genişləndirilməsi üzrə meneceri Ülgen Coşkun ACCA kvalifikasiyalarının maliyyə və mühasibatlıq sahəsində peşəkarlıq səviyyəsini artırmaq istəyən şəxslərə yaratdığı imkanlar, eləcə də yeni qazanılmış peşəkar və texniki bacarıqların verdiyi üstünlüklər barəsində məlumat verib. Bundan başqa, Ülgen Coşkun ACCA kvalifikasiyalarına hazırlığın ən səmərəli üsullarından da danışıb.
Vebinarda DİM-in tərəfdaşı olan Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetindən 50-yə qədər tələbə və müəllim iştirak edib.
Məlumat üçün bildirək ki, maliyyə savadlılığının artırılması və bu sahədəki yeniliklərin paylaşılması məqsədi ilə həm DİM-in tərəfdaş olduğu universitetlərin tələbə və müəllim heyəti üçün, həm də ictimaiyyətə açıq analoji vebinarların keçirilməsi davam edəcək.