2 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları ADA Universitetində keçirilən “Məşğulluq həftəsi” layihəsinin bağlanış mərasimində iştirak edib və layihəyə verdiyi töhfəyə görə DİM mükafatla təltif olunub.
14-24 aprel tarixləri ərzində davam edən “Məşğulluq həftəsi” layihəsində universitetin müxtəlif fəaliyyət istiqamətləri üzrə tərəfdaş qurumlarının əməkdaşları tərəfindən tələbələrə 8 gün davam edən təlimlər silsiləsi keçirilib. DİM də bu layihəyə dəstək verən qurumlardan biri kimi tədbirdə iştirak edib və əməkdaşlar təfərindən tələbələrə müxtəlif mövzularda təlimlər keçilib.
Layihənin əsas məqsədi əmək bazarında olan karyera tendensiyaları ilə bağlı ADA Universitetinin 2 və 4-cü kurs bakalavriat və magistratura tələbələri arasında məlumatlılığı artırmaq, tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaq, o cümlədən müxtəlif fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçıları məlumatlandırmaqdan ibarət olub.
Təlimlərin sonunda tərəfdaş qurumlar tərəfindən iştirakçıların bilik və bacarıqları qiymətləndirilib. DİM-in həyata keçirdiyi qiymətləndirmə nəticəsində ən yüksək nəticə göstərmiş 7 tələbə qurumda iki aylıq təcrübə proqramında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, təlim iştirakçılarına DİM tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, DİM ötən il də “Məşğulluq həftəsi” layihəsində iştirak edib. Həmin tədbir nəticəsində seçilmiş 5 tələbə qurumda təcrübə keçib və onlardan biri hazırda DİM-in Dövlət dili və xarici dillər şöbəsində əmək fəaliyyətini davam etdirir.