Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) dillər üzrə ümumavropa çərçivə sənədinin (The Common European Framework of Reference for Languages - CEFR) Azərbaycan dilinə tərcümə edilməsi məqsədilə Avropa Şurası və Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlığa başlayıb.
CEFR-in son nəşrinin Azərbaycan dilinə tərcümə olunması layihəsinin əsas məqsədi ölkədə xarici dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi istiqamətində görülən işlərə dəstək göstərməkdir. Bu layihənin beynəlxalq çərçivə sənədi əsasında mövcud dil proqramlarının təkmilləşdirilməsi, qiymətləndirmə standartlarının tərtib olunması və müqayisə edilməsinə, həmçinin tədris prosesinin qəbul olunmuş dil standartları əsasında təşkil olunmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, CEFR rəsmi sənəd kimi ilk dəfə 2001-ci ildə ingilis və fransız dillərində nəşr olunub və 40 dilə tərcümə edilib, amma sənədin Azərbaycan dilinə rəsmi tərcüməsi edilməyib. CEFR-in 2020-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş nəşrindəki yeni xüsusiyyətlərdən biri eşitmə qüsuru olan şəxslər üçün “İşarə dili” hissəsinin sənədə əlavə olunmasıdır.
DİM 2019-cu ildə institusional tərəfdaşı olduğu Avropa Dil Qiymətləndirmə Assosiasiyasının vasitəsilə Avropa Şurasına sənədin rəsmi tərcüməsi ilə bağlı müraciət ünvanlayıb. 2020-ci ildə sənədin rəsmi tərcümə edilməsinə dair DİM-in müraciətinə cavab olaraq CEFR-in rəsmi tərcüməsi üçün Avropa Şurasının İctimaiyyətlə əlaqələr və nəşrlər şöbəsi tərəfindən DİM-ə dəstək məktubu təqdim olunub. Beləliklə, DİM 309 səhifəlik CEFR-in ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi layihəsini həyata keçirmək üçün Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə 2020-ci ilin mart ayında əməkdaşlıq sazişi imzalayıb və fəaliyyətə başlanılıb. Hazırda layihə üzrə işlər davam edir.
Xarırladaq ki, DİM tərəfindən keçirilən bütün imtahanların xarici dil blokunun CEFR-in müvafiq səviyyələrinə uyğunlaşdırılması istiqamətində də tədbirlər görülməkdədir. Bu tədbirlər istər 9-cu və 11-ci sinif buraxılış imtahanları, qəbul imtahanları və doktoranturaya qəbul imtahanlarının xarici dil blokunu, istərsə də dövlət qulluğuna qəbul prosesində xarici dil biliklərinə verilən tələbləri əhatə edir.
Qeyd edək ki, CEFR-in son nəşrinin Azərbaycan dilinə tərcümə olunması layihəsi, sənədin strukturu və məzmunu barədə daha geniş məlumat Abituriyent jurnalının 1№-li buraxılışında əksini tapıb.