Təlim "Zoom" platforması vasitəsilə ingilis dilində keçirilir və ilk məşğələdə 171 nəfər iştirak edib.
“The Propell® Workshop for Teachers” ingilis dilli müəllimlərinin dilin tədrisi zamanı yaranan çətinliklərin öhdəsindən gəlmələri üçün hazırlanmış 3 günlük peşəkar inkişaf proqramıdır. Bu təlimin əsas məqsədi inteqrativ bacarıqlara dair yanaşmanın tətbiq edilməsi ilə müəllimləri dil öyrətmək üçün faydalı təlim metodları və strategiyaları ilə tanış etməkdir.
Təlimin spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşın 2016-cı ildən etibarən ETS Global təşkilatının İstanbul ofisində akademik əlaqələr və ELT (English Language Teaching – ingilis dilinin tədrisi) koordinatoru vəzifəsində çalışır və bu müddət ərzində müxtəlif ölkələrdən olan müəllimlər üçün təlimlər keçib.
Yasemin Arşin təlimin ilk günü TOEFL iBT® imtahanının formatı barədə iştirakçılara məlumat verib və onları qiymətləndirilən hər dörd növ bacarıq üzrə onlayn materiallarla təmin edib. O, iştirakçılara TOEFL iBT® imtahanının oxu bölməsində istifadə edilən sualların tipi və strategiyaları, eyni zamanda qiymətləndirmə meyarları barədə danışıb. İştirakçılar təlim müddəti ərzində müzakirələrə qoşulmaq imkanına malik olurlar.
Təlimin ikinci günü 18 dekabr saat 15:00-da baş tutacaq. Həmin gün əsas mövzu dinləmə və danışma bacarıqlarının qiymətləndirilməsi olacaq. 19 dekabr tarixində baş tutacaq son praktiki məşğələdə isə təlimin iki gününün ümumi məzmunu təkrar ediləcək və yazı bacarıqlarının qiymətləndirilməsi barədə məlumat veriləcək.
Bütün sessiyalarda iştirak edən iştirakçılar sertifikatla təltif olunacaqlar.