Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) ETS Global təşkilatı ilə birgə 24 may 2021-ci il saat 15:00-da Zoom platforması üzərindən ingilis dilində “The TOEFL iBT® Test and TOEFL iBT Home Edition: Insights you need” adlı vebinarı keçiriləcəkdir. Vebinarın Qeydiyyat linki 23 may tarixinədək aktiv olacaq.
The TOEFL iBT® (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdə olma bacarıqlarını qiymətləndirir. TOEFL iBT® imtahanın nəticəsi ABŞ və digər ingilisdilli ölkələrdəki universitetlərə qəbul olmaq üçün əsas tələblərdən biridir. Bununla bərabər dövlət qurumları, biznes və ya təqaüd proqramları da bu imtahanı tələb edə bilər.
DİM tələbələrin bu imtahana göstərdiyi istək və tələblərini nəzərə alaraq ETS Global təşkilatı ilə birlikdə son zamanlarda tələbələri imtahana qeydiyyat, imtahanın strukturu, nəticələr və hazırlıq resursları barədə məlumatlandırmaq üçün vebinarlar təşkil edir.
Növbəti vebinarın spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşın TOEFL iBT® imtahanı barədə ətraflı məlumat verəcək və eyni zamanda iştirakçıların suallarını cavablandıracaq.
Vebinar onlayn Zoom platforması üzərindən ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 23 may tarixinədək aktiv olacaq.
Qeyd edək ki, DİM 2016-cı ildən etibarən ETS -in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq TOEFL iBT® imtahanlarını təşkil edir.
TOEFL iBT® imtahanı da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə edə bilərsiniz.