DİM-in əməkdaşları DOST Agentliyi tərəfindən 8 oktyabr 2021-ci il tarixində təşkil olunan “Hərə bir qəhrəman oldu” layihəsinin açılış tədbirində iştirak ediblər.
“Hərə bir qəhrəman oldu” layihəsi II Qarabağ müharibəsi şəhidlərinin 12-18 yaşlı övladlarına dəstək vermək məqsədilə hazırlanıb. Layihə çərçivəsində şəhid övladlarına mənəvi dəstəyin verilməsi, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardımın göstərilməsi, eləcə də qeyd olunan fəaliyyətlərin səmərəli şəkildə əlaqələndirilməsi planlaşdırılır.
II Qarabağ müharibəsi şəhidlərinin övladlarının təhsilinə kömək göstərmək məqsədilə DİM-in Strateji inkişaf şöbəsinin əməkdaşları tədbirdə iştirak edən şəhid övladlarına anket təqdim edib və onların Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan vəsaitlərə dair ehtiyac və istəkləri qeydə alınıb.
Sorğuda iştirak edənlər anket məlumatlarına əsasən müvafiq vəsaitlərlə təmin olunacaqlar.
Qeyd edək ki, layihənin cari ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayına kimi, 1 il müddətində həyata keçirilməsi nəzərdə tutulub.
DİM bu müddət ərzində fəaliyyət istiqamətləri üzrə II Qarabağ müharibəsi şəhidlərinin övladlarına mənəvi dəstəyin verilməsi, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına kömək göstərməyə davam edəcəkdir.