1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər il olduğu kimi Dövlət İmtahan Mərkəzi tərəfindən şəhid övladlarına metodik vasitələr hədiyyə edilir. Mərkəzin “Abituriyent” jurnalı redaksiyası tərəfindən nəşr olunan test topluları, siniflər üzrə qiymətləndirmə tapşırığı kitabları 6-14 yaş aralığında olan şəhid övladlarına təqdim edilir.
Layihə çərçivəsində ölkə üzrə ümumilikdə 1368 şəhid övladı üçün müxtəlif yaş qruplarına uyğun hazırlanmış 44 adda 3251 ədəd kitab ayrılıb. Metodik vasitələr Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində təhsil alan şəhid övladlarına çatdırılır.
Şəhid ailələrinin və övladlarının dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunması siyasətinə töhfə vermək məqsədilə həyata keçirilən bu təşəbbüs uşaqların təhsilə marağının artırılmasına, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərməyə xidmət edir.
Dövlət İmtahan Mərkəzi gələcəkdə də sosial həssas qrupların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.