Zal nəzarətçisi sertifikatı əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan şəxslərdən iş yeri tələb olunmur), yaşı 22-45 arasında olan və fiziki cəhətdən sağlam şəxslər müraciət edə bilərlər.
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün namizədlər aşağıdakı mərhələləri keçməlidirlər:
- Qeydiyyat, sənədlərin qəbulu və müsahibə;
- Ümumi intellekt səviyyəsi və situasiya mühakimə bacarıqlarının yoxlanılması üçün test imtahanı;
- Təlimlər;
- İmtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı.
Prosesdə iştirak etmək üçün qeydiyyat və sənədlərin qəbulu onlayn qaydada həyata keçirilir, 16 sentyabr 2024-cü il tarixində başlanır və 7 oktyabr 2024-cü il tarixində başa çatır.
Namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin bütün mərhələləri (müsahibə, ilkin test imtahanı, təlimlər və yekun test imtahanı) iş günlərində həyata keçirilir.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat, sənədlərin qəbulu, və müsahibə mərhələsində iştirak etmək üçün ödəniş tələb olunmur. Ümumi intellekt səviyyəsi və situasiya mühakimə bacarıqlarının yoxlanılması üçün ilkin test imtahanı, təlimlər və imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı isə ödənişli əsaslarla həyata keçirilir (şəxsi kabinetə tələb olunan məbləğin əlavə edilməsi yolları ilə https://epayment.dim.gov.az/ saytında tanış olun). Qeydiyyatdan keçmiş namizədlər müvafiq mərhələdə iştirak etmədikdə ödədiyi məbləğ geri qaytarılmır.
Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. Namizədlər ilk olaraq Mərkəzin internet saytında ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradırlar. Namizəd şəxsi kabinetin istifadəçi adı (FİN kod) və parolundan istifadə edərək ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) daxil olub elektron anket formasını doldurur, elektron poçt ünvanının düzgünlüyünü 6 rəqəmli kodu göndərməklə təsdiq edir, zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olur və müraciətini tamamlayır.
2. Namizəd elektron müraciət etdikdən sonra onun tələblərə uyğunluğu DİM tərəfindən yoxlanılır. Müraciətə təsdiq və ya imtina olaraq münasibət bildirilir. Bu barədə bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir.
3. Müraciət təsdiq edildikdə müəyyən edilmiş vaxtda müsahibəyə qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketə daxil olaraq müsahibə gününü, vaxtını seçir və aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edir:
- Şəxsiyyət vəsiqəsi;
- Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);
- İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan (dövlət qulluğu haqqında qanunun tələbinə görə dövlət qulluqçuları müraciət edə bilməzlər) şəxslərdən arayış tələb olunmur. İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbərləri tərəfindən imzalanır);
- Məhkumluq barədə arayış;
- Vətən Müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);
- “Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).
Namizədin təhsil haqqında sənədi və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.
4. Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir.
Müsahibələr Bakı şəhəri və DİM-in regional bölmələrinin yerləşdiyi şəhər və ya rayonlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Şəmkir, Bərdə, Göyçay və Şirvan) keçirilir.
5. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq ilkin test imtahanında iştirak etmək istədiyi günü və vaxtı seçir.
İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Hər bir test bloku üzrə (ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku) test tapşırıqlarının cavablandırılmasına 1 saat vaxt ayrılır. Testlər blokunun hər biri üzrə ümumi nəticəsi 40%-dən çox olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.
6. İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq təlimlərə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən və şəxsi kabinetinə növbəti mərhələlər üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir. Birinci təlimdə iştirak edən namizədlərin mobil telefonuna və elektron poçt ünvanına məlumat gəldikdən sonra elektron anketinə daxil olaraq ikinci təlim üçün təlim vaxtını və gününü seçirlər. Namizədin mobil telefonuna və elektron poçt ünvanına bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin günü və vaxtını seçir.
7. Təlimlər iki gün ərzində keçirilir:
“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi 1,5 saat müddətində davam edir və aşağıdakı mövzuları əhatə edir:
- İmtahan prosesinə aid stres və təlaş,
- İmtahana cəlb olunan tərəflərin psixoloji portretləri,
- İlkin təəssüratın imtahan gedişatına təsiri,
- İmtahan prosesində ünsiyyət xüsusiyyətləri,
- İmtahana psixoloji hazırlıq.
“İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” təlimi 3 saat müddətində aparılır və aşağıdakı mövzuları əhatə edir:
- DİM-in fəaliyyət istiqamətləri,
- DİM tərəfindən keçirilən imtahanlar,
- İmtahanların təşkili və idarə edilməsi
- Məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi,
- Zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri.
Təlimin sonunda namizədlərə təlimlərdə iştirakla bağlı sertifikat verilir.
8. Təlimlər yekunlaşdıqdan sonra namizədlərin imtahanların texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanına qeydiyyatla bağlı bildiriş mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq test imtahanının tarixini və saatını seçir.
Yekun test imtahanı elektron formada kompüter vasitəsi ilə həyata keçirilir. Yekun test imtahanında namizədlərə 30 qapalı tipli test təqdim edilir. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. İmtahan müddəti 45 dəqiqədir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur.
Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyəsini yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60%-i toplanır. Yekunda ən az 60%-lik nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:
- 90% və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;
- 60% və ondan yüksək, lakin 90%-dən aşağı nəticə göstərdikdə - B kateqoriyası;
“Əməkdar müəllim” fəxri adı alan müəllimlər təlimlərdə iştirak etdikdən sonra A kateqoriyası üzrə zal nəzarətçisi sertifikatı əldə edirlər.
Namizədin nəzarətçi qismində fəaliyyətinin sertifikatlaşdırılması ona zal nəzarətçisi statusunun verilməsi hesab olunur və bu barədə zal nəzarətçilərinin bazasında qeyd aparılır.
Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun gələn Vətən Müharibəsinin iştirakçıları və “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesində nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar (təsdiqedici sənədlər müsahibə zamanı namizəd tərəfindən təqdim edilməlidir).
Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, imtahan@dim.gov.az poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.