11 aprel 2023-ci il tarixində baş tutan görüşdə DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi statusunu əldə edən “Akela Education and Training Center” MMC-nin rəhbəri iştirak ediblər.
Görüşdə tərəflər əməkdaşlıq çərçivəsində görüləcək işləri, test mərkəzi olaraq DİM-in müvafiq imtahanların təbliğatında Hazırlıq Mərkəzinə dəstəyini və Hazırlıq Mərkəzinin isə öz növbəsində müəllim heyəti və tələbələri, habelə maraqlı tərəflər arasında Kembric ingilis dili kvalifikasiyalarının təbliği və təşkilindən irəli gələn məsələlərin icrasını müzakirə ediblər.
Qeyd edək ki, 15 mart 2023-cü il tarixində imzalanan əməkdaşlıq müqaviləsinə əsasən Kembric ingilis dili kvalifikasiyaları üzrə test mərkəzi olan DİM “Akela Education and Training Center” MMC-yə Kembric ingilis dili kvalifikasiyaları üzrə rəsmi Hazırlıq Mərkəzi statusunu verib.
Ölkəmizdə ingilis dilini tədris edən pedaqoji heyətin və şagirdlərin müvafiq bacarıqlarının təkmilləşdirilməsi üçün yeni imkanlar yaratmaq məqsədilə DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün aşağıdakı elektron poçt ünvanına “Hazırlıq Mərkəzi” başlığı ilə müraciət edə bilərsiniz: international@dim.gov.az