Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Dövlət İmtahan Mərkəzində olub.
16 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, sədrin müavini Namiq Babayev və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri ilə ÖSYM nümayəndə heyətinin üzvləri Seçil Alaca və Ahmet Naim Çiçekler arasında görüş keçirilib.
Görüşdə beynəlxalq səviyyədə akkreditasiya olunan standartlaşdırılmış imtahanların keçirilməsi, qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və s. məsələlər müzakirə edilib.
Qonaqlar həmçinin DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar.
Xatırladaq ki, Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) Türkiyədə universitetlərə, dövlət qulluğuna və s. geniş miqyaslı imtahanların təşkilinə məsul olan orqandır. Qurum ilk dəfə 1974-cü ildə Universitetlərarası Şura tərəfindən “Universitetlərarası Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÜSYM)” adı ilə yaradılıb. 2011-ci ildə isə adı adı Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi olaraq dəyişdirilib. ÖSYM il ərzində 10 milyondan çox insan üçün müxtəlif növ imtahan keçirir.