Bu gün biologiya, tarix, riyaziyyat fənləri üzrə hazırlıq kurslarının ilk məşğələsi keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Qeydiyyatdan keçənlər Bakı şəhərində DİM‑in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında əyani formada, regionlardan olanlar isə onlayn formada kurslarda iştirak ediblər.
Öncə DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının məqsədi və iş planı barədə çıxış edib. O qeyd edib ki, hazırlıq kurslarının keçirilməsi iki ay nəzərdə tutulub və kurslar üç mərhələdən ibarətdir. Birinci mərhələdə iştirakçılara nəzəri material – fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilir. İkinci mərhələ praktiki məşğələlərdən (ev tapşırıqlarından) ibarətdir. Bu mərhələdə iştirakçılar imtahanlarda tətbiq olunan modellərə uyğun tapşırıq variantları hazırlamalı, hər bir tapşırığın hansı bilik və bacarığı yoxladığını müəyyənləşdirməli, ona uyğun altstandartları seçməli, cavabı yazı ilə ifadə edilən tapşırıqların qiymətləndirmə meyarlarını tərtib etməlidirlər. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Üçüncü mərhələ cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Kursun sonunda iştirakçılar müvafiq fənndən imtahan verəcəklər. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Sonra moderatorlar– biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov və riyaziyyat fənni üzrə Aqşin Abdullayev müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.