Azərbaycan dili və ingilis dili fənləri üzrə iclaslarda gündəlik məsələ 5 mart 2022-ci il tarixində tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın, kimya fənnindən isə gündəlik məsələ 5 iyun 2022-ci il tarixində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.
Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və imtahan proqramlarına uyğunluğu bir daha təsdiq edilib.
Test tapşırıqları imtahanların statistik nəticələrinə görə bilik və bacarıqları obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. İmtahanlarda zəif cavablandırılan tapşırıqlar müəyyənləşdirilib. Kimya fənnindən həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.