Seminarlarda gündəlik məsələ qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda bölgələrdəki müəllimlər də DİM-in regional bölmələrindən (Naxçıvan, Gəncə, Göyçay, Şəki və s.) onlayn bağlantı ilə müzakirələrə qoşulublar.
Fizika, rus dili, tarix, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə seminarlarda müvafiq ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Təqdim olunan tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
Seminarlarda Fizika İnstitutunun əməkdaşı Tanrıverdiyev Vahid, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Allahverdiyev Azər, Bakı şəhəri Heydər Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov, Bakı şəhəri Ankara liseyinin biologiya müəllimi Eltən Abdullayev, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Dilqəm Məhərrəmli və başqa iştirakçılar müzakirə edilən məsələlər barədə qeyd və təkliflərini bildiriblər.
DİM-in regional bölmələrindən onlayn rejimdə seminarlara qoşulmuş müəllimlər: tarix fənni üzrə Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin müəllimi Ramin Quliyev, biologiya fənni üzrə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbin müəllimi Sevinc Səfərova, Kəlbəcər rayonu 11 nömrəli tam orta məktəbin müəllimi Şəfa Şirinova, coğrafiya fənni üzrə Kəngərli rayonu Qıvraq qəsəbə tam orta məktəbin müəllimi Sənan Ələkbərov müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.