Seminarlarda gündəlik məsələ qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda bölgələrdəki müəllimlər də DİM-in regional bölmələrindən (Naxçıvan, Gəncə, Göyçay, Şəki və s.) onlayn bağlantı ilə müzakirələrə qoşulublar.
Azərbaycan dili fənni üzrə seminarda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, informatika, kimya, fizika, ədəbiyyat (rus bölməsi), tarix, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə seminarlarda müvafiq ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Təqdim olunan tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
Sumqayıt Dövlət Universitetinin müəllimi Elşad Əliyev, Bakı şəhəri Heydər Əliyev adına liseyin müəllimi Hafiz Cabbarov, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin biologiya müəllimi Vahid Balabəyov, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Dilqəm Məhərrəmli və başqa iştirakçılar müzakirə edilən məsələlər barədə qeyd və təkliflərini bildiriblər.
DİM-in regional bölmələrindən onlayn rejimdə seminarlara qoşulmuş müəllimlər: tarix fənni üzrə Culfa rayonu Bənəniyar kənd tam orta məktəbin müəllimi Şükufə İsmayılova, biologiya fənni üzrə Kəlbəcər rayonu 11 nömrəli tam orta məktəbin müəllimi Şəfa Şirinova, coğrafiya fənni üzrə Culfa rayonu 2 nömrəli tam orta məktəbin müəllimi Afaq Məmmədova müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.