Seminarlarda gündəlik məsələlər: Azərbaycan dili, ingilis dili, rus dili və riyaziyyat fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Göyçay və s.) vasitəsilə onlayn bağlantı ilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.
Seminarlarda ali təhsil müəssisələrinə informatika fənnindən I (Rİ altqrupu) ixtisas qrupu, tarix fənnindən II və III ixtisas qrupları, biologiya fənnindən isə IV ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.
Kimya və fizika fənni üzrə seminarlarda I və IV ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları müzakirə edilib. Kimya fənnindən “Qeyri-üzvi kimya”, fizika fənnindən “Molekulyar fizika” və “Elektrodinamika” bölmələrinə aid mövzular müzakirə edilib.
Coğrafiya fənni üzrə seminarda isə II və III (TC altqrupu) ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının “Hidrosfer”, “Quru suları”, “Biosfer”, “Dünyanın siyasi xəritəsi”, “Əhali” bölmələrinə aid mövzuların müzakirəsi aparılıb.
Riyaziyyat fənnindən seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının “Həqiqi ədədlər”, “Kompleks ədədlər”, “Nisbət, Tənasüb, Faiz”, “Rasional ifadələr” bölmələrinə baxılıb və müzakirələr aparılıb.
Seminarlarda Bakı şəhəri Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov, Bakı şəhəri 55 nömrəli tam orta məktəbinin biologiya müəllimi Vahid Balabəyov, Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin fizika müəllimi Sadiq Həmidov, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimi Nizami Kərimli, Bakı şəhəri 333 nömrəli məktəbin coğrafiya müəllimi Vüsalə Quliyeva və başqa iştirakçılar proqramlar barədə qeyd və təkliflər bildiriblər.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: kimya fənni üzrə Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbinin müəllimi Kənan Hüseynli, fizika fənni üzrə Gəncə şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Aytən Orucova, Gəncə şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Qafarova, biologiya fənni üzrə Naxçıvan şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi Nailə Abbasova, Göyçay rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Səidə Salehova, tarix fənni üzrə Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəbin müəllimi İnci Tağızadə, Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin müəllimi Ramin Quliyev, coğrafiya fənni üzrə Goranboy rayonu Alpout kənd tam orta məktəbinin müəllimi Akif Bayramov müzakirələrdə aktiv iştirak ediblər və müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.