Seminarlarda gündəlik məsələlər: ədəbiyyat və riyaziyyat fənlərindən ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının, ingilis dili və rus dili fənlərindən buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin, informatika, kimya, fizika, tarix, biologiya və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda bölgələrdəki müəllimlər də DİM-in regional bölmələrindən (Naxçıvan, Gəncə, Göyçay, Şəki və s.) onlayn bağlantı ilə müzakirələrə qoşulublar.
Ədəbiyyat fənnindən III ixtisas qrupu, riyaziyyat fənnindən isə isə I və II ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi başa çatıb. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.
İngilis dili fənnindən tam orta (11 illik), rus dili fənnindən ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış, informatika, kimya, fizika, tarix, biologiya və coğrafiya fənlərindən müvafiq ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub. Təqdim olunan tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
Seminarlarda Fizika İnstitutunun əməkdaşı Tanrıverdiyev Vahid, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Allahverdiyev Azər, Bakı şəhəri Ankara liseyinin biologiya müəllimi Eltən Abdullayev, Bakı şəhəri 333 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Vüsalə Quliyeva və başqa iştirakçılar müzakirə edilən məsələlər barədə qeyd və təkliflərini bildiriblər.
Seminarlarda DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: fizika fənni üzrə Göygöl rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Əliyev Zəki, tarix fənni üzrə Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbin müəllimi Təhminə İbrahimova, biologiya fənni üzrə Naxçıvan şəhəri 9 nömrəli tam orta məktəbin müəllimi Təranə Əliyeva, Gəncə şəhəri 40 nömrəli tam orta məktəbin müəllimi Şahin Hüseynov, coğrafiya fənni üzrə Goranboy rayonu Alpout kənd tam orta məktəbinin müəllimi Akif Bayramov müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Coğrafiya fənni üzrə seminarda Afiqə Batıyeva seminar iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Bu şanlı zəfəri bizə qazandıran başda Ali Baş Komandan olmaqla müzəffər ordumuza dərin minnətdarlıq hissini bildirib. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin və qazilərimizin adlarının xalqımız və dövlətimiz tərəfindən yüksək tutulduğunu vurğulayıb.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.