Seminarlarda gündəlik məsələlər: riyaziyyat fənnindən tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, Azərbaycan dili, ədəbiyyat (rus bölməsi), kimya, fizika və coğrafiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının; ingilis dili fənnindən tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, biologiya fənlərindən isə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda bölgələrdəki müəllimlər də DİM-in regional bölmələrindən (Naxçıvan, Gəncə, Göyçay, Şəki və s.) onlayn bağlantı ilə müzakirələrə qoşulublar.
Riyaziyyat fənni üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının, ingilis dili fənni üzrə seminarda isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqram və tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcəkdir.
Seminarlarda Azərbaycan dili fənnindən III ixtisas qrupu, kimya fənnindən I (RK altqrupu) və IV ixtisas qrupları, fizika fənnindən I və IV ixtisas qrupları, coğrafiya fənnindən II və III (TC altqrupuna) ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.
İnformatika və biologiya fənləri üzrə seminarlarda müvafiq ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub. Təqdim olunan tapşırıqlar müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
Seminarlarda Bakı Dövlət Universitetinin müəllimi Nəzrin Zeynallı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Məhəmməd Hüseynli, Bakı şəhəri Ankara liseyinin biologiya müəllimi Eltən Abdullayev, Bakı şəhəri “Vətən” idman liseyinin coğrafiya müəllimi Mərifət Eyyubova və başqa iştirakçılar müzakirə edilən məsələlər barədə qeyd və təkliflərini bildiriblər.
Seminarlarda DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: Azərbaycan dili fənni üzrə Şəki şəhəri 4 nömrəli tam orta məktəbin müəllimi Bəhruz Davudov, fizika fənni üzrə Göygöl rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Əliyev Zəki, biologiya fənni üzrə Göyçay rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Səidə Salehova, coğrafiya fənni üzrə Goranboy rayonu Alpout kənd tam orta məktəbinin müəllimi Akif Bayramov aktiv iştirak ediblər və müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.