İclaslarda gündəlik məsələ 16 aprel 2022-ci il tarixində ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variantın müzakirəsi olub.
Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib. İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
İngilis və fransız dili fənləri üzrə işçi qrupunun üzvləri müzakirəni başa çatdırmış və imtahanda istifadə edilmiş tapşırıqlar barədə yekun rəy vermişlər.
Yekun rəyə görə buraxılış imtahanında istifadə edilmiş bütün tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və imtahan proqramına tam uyğundur və şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verib. Yalnız bir neçə tapşırığa redaktə xarakterli düzəlişlər edilib.
9 yanvar 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.