28 oktyabr 2026-cı il tarixində Mərkəzin inzibati binasında təşkil olunan görüşdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin inzibati binada yerləşən büstünün önünə gül dəstələri qoyublar.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Ərazi Partiya Təşkilatının sədri, DİM-in Elektron imtahanlar korpusunun rəhbəri Hidayət Zeynalov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrin icrası baxımından görüşün əhəmiyyətini vurğulayıb. Hidayət Zeynalov bu kimi görüşlərin qarşıda duran vəzifələrin daha səmərəli icrasına töhfə verdiyini qeyd edib.
Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışında milli təhlükəsizlik, iqtisadi müstəqillik, milli-mənəvi dəyərlərin qorunması, müasir texnologiyaların və süni intellektin yaratdığı çağırışlar kimi vacib məsələlərə diqqət yetirib. Prezidentin təhsilin cəmiyyətin dayanıqlılığının təmin edilməsindəki roluna xüsusi önəm verməsi olduqca əhəmiyyətlidir. Dövlət başçısının vurğuladığı kimi, savadlı, bilikli və maarifli cəmiyyət dezinformasiyaya, manipulyasiyalara və müxtəlif ideoloji təsirlərə qarşı daha hazırlıqlı olur. Bu baxımdan, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin müstəqil düşünmə və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müasir tələblərə cavab verən peşəkar kadrların hazırlanması ölkəmizin davamlı inkişafının əsas şərtlərindəndir. Sədr vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər bu istiqamətlərdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi üçün mühüm yol xəritəsi rolunu oynayır.
Sonra çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi prioritet istiqamətlərə toxunaraq, Azərbaycanın davamlı inkişafının təmin olunması, siyasi və iqtisadi potensialının gücləndirilməsi, milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O vurğulayıb ki, dövlət başçısının uğurlu və məqsədyönlü siyasəti ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunmasına və strateji hədəflərə doğru inamla irəliləməsinə zəmin yaradır.
Daha sonra çıxış edən digər partiya üzvləri ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu, onların hərtərəfli inkişafı və fəal vətəndaş mövqeyinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar. Çıxışlarda gənclərin keyfiyyətli təhsil alması, müasir bilik və bacarıqlara yiyələnməsi, milli-mənəvi dəyərlərə və vətənpərvərlik prinsiplərinə sadiq ruhda yetişməsi məsələlərinə xüsusi diqqət yetirilib.