29 dekabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə 2022-ci il Beynəlxalq Steam Azərbaycan Festivalının “Hakaton” (ali məktəb) kateqoriyasının qalibləri arasında görüş keçirilib.
Görüşdən əvvəl iştirakçılar Mərkəzdə yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Həmçinin onlara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.
Görüşdə tələbələr 5-9 dekabr 2022-ci il tarixlərində keçirilən Beynəlxalq Steam Azərbaycan Festivalının “Hakaton” (ali məktəb) kateqoriyasında qalib olan “Faros” layihəsi haqqında məlumat veriblər. Qeyd edək ki, gənc mütəxəssislər ixtisas seçimi zamanı abituriyentlərə peşə istiqamətlərinin müəyyən edilməsində kömək edə biləcək mobil tətbiq üzərində işləyirlər.
Görüşdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və məlumat bazasının yığılması ilə əlaqədar məsələlər müzakirə olunub. DİM-in məsul işçiləri gənc mütəxəssisləri maraqlandıran sualları cavablandırıb və öz tövsiyələrini veriblər.