27 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) ingilis, fransız, alman və Azərbaycan dili (dövlət dili) fənləri üzrə tam orta (11 illik) təhsil səviyyəsinə dair fənn proqramlarının müzakirəsinə həsr olunmuş elmi-metodik seminar keçirilib. Tədbirin əsas məqsədi xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə DİM-in rəsmi internet səhifəsində layihə şəklində təqdim olunan imtahan proqramlarının məzmununu elmi-metodik baxımdan təhlil etmək, 2025/2026-cı tədris ilində qüvvədə olan dərsliklərin məzmunu nəzərə alınmaqla proqramlarda edilmiş dəyişiklikləri və metodik yanaşmaları müzakirə etmək, həmçinin proqramların təkmilləşdirilməsi istiqamətində təkliflər formalaşdırmaq olub.
Qeyd edək ki, 2025-ci ilin sentyabr ayından etibarən ümumi və tam orta təhsil səviyyələri üzrə həm buraxılış imtahanlarının, həm də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar layihə şəklində Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsində yerləşdirilib.
Hər fənn üzrə ayrıca təşkil olunan seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil və ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də DİM-in Naxçıvan, Gəncə, Şirvan, Şəki, Bərdə, Xaçmaz, Şəmkir və Göyçay regional bölmələrinin əməkdaşları onlayn bağlantı vasitəsilə iştirak ediblər.
Tədbiri Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri Könül Hacıyeva açaraq hər bir fənn üzrə seminarın məqsəd və vəzifələrini və növbəti görüşlərdə görüləcək işlərin istiqamətlərini təqdim edib. İngilis dili fənni üzrə keçirilən seminarda fənn üzrə seminar rəhbəri filologiya üzrə fəlsəfə doktoru Şəhla Musayeva, fransız dili üzrə seminar rəhbəri filologiya üzrə fəlsəfə doktoru, professor Çəmən Babaxanova, alman dili fənni üzrə seminar rəhbəri baş müəllim Raya Həsənova tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının məzmunu barədə çıxış ediblər. Daha sonra seminar iştirakçılarının ünvanladığı suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Seminarlar çərçivəsində iştirakçılar tərəfindən fənn proqramlarının dilçilik komponentlərinə dair bir sıra elmi-metodik təkliflər irəli sürülüb. İştirakçılardan daxil olan elmi və metodik rəylər nəzərə alınmaqla proqramlara kiçik dəyişikliklər edilib və tam orta (11 illik) təhsil səviyyəsi üzrə qeyd olunan fənlər üzrə imtahan proqramları yekun redaktədən sonra təsdiqlənib.
Yuxarıdı göstərilən fənlər üzrə növbəti elmi-metodik seminarın 3 noyabr 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Seminarda ümumi (9 illik) orta təhsil səviyyəsinin proqramına uyğun model test tapşırıqlarının elmi-metodik baxımdan təhlili planlaşdırılır.