11 iyul 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda PTE Academic beynəlxalq ingilis dili imtahanına dair təlim proqramı keçirilib.
Tədbir Dövlət İmtahan Mərkəzi, Pearson VUE və EDDE Global-ın təşkilatçılığı ilə baş tutub. Təlimdə ali təhsil müəssisələrinin müəllimləri, ingilis dili üzrə mütəxəssislər, təlimçilər və PTE imtahanı ilə maraqlanan şəxslər iştirak ediblər.
Tədbirdə "Pearson"un Azərbaycan və Türkiyə üzrə PTE koordinatoru Fatih Özer və PTE Academic üzrə təlimçi Steve O’Farrell çıxış edərək imtahanın formatı, strukturu, bölmələri, sual növləri, qiymətləndirmə metodologiyası, imtahan mərkəzində namizədlərin keçdiyi mərhələlər, eləcə də imtahana hazırlıq strategiyaları və effektiv tədris yanaşmaları barədə məlumat veriblər. Təlim zamanı iştirakçılar müəllimlər və namizədlər üçün nəzərdə tutulmuş "Pearson"un rəsmi resursları, tədris materialları və rəqəmsal alətləri ilə tanış olublar, həmçinin beynəlxalq təcrübədə tətbiq olunan müasir hazırlıq metodları haqqında məlumat əldə ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Keçirilən təlim beynəlxalq ingilis dili qiymətləndirmə sistemləri üzrə bilik və bacarıqların artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və PTE Academic imtahanı ilə bağlı məlumatlılığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.