Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq elan olunan səfərbərlik çərçivəsində DİM-də müxtəlif vəzifələrdə çalışan bir neçə əməkdaş da ordu sıralarına qoşulmuş və vətənimizin müdafiəsi ilə əlaqədar İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak etmişdir.
Bu günlərdə Ali Baş Komandan İlham Əliyev tərəfindən bir qrup hərbi qulluqçu ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqları yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə görə təltif edilmişlər.
Təltif edilən hərbi qulluqçular arasında Dövlət İmtahan Mərkəzinin iki əməkdaşı da var.
Belə ki, Prezident İ.Əliyevin 24 iyun 2021-ci il tarixli Sərənacamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş baş leytenant Bədəlov Məhərrəm Əbülfət oğlu “Füzulinin azad olunmasına görə” medalı ilə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş baş leytenant Rzayev İmaməli Əli oğlu isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Dövlət İmtahan Mərkəzinin kollektivi adından silahlı qüvvələrimizin sıralarına qoşularaq tarixi qələbəmizin qazanılmasına töhfələrini verən əməkdaşlarımızı təbrik edir və işlərində müvəffəqiyyətlər arzulayırıq.