2022-ci il 28-31 mart tarixlərində Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət Qulluğu üzrə Astana Regional Xabın (Xab) dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 8-ci “Dünya Hökumət Sammiti” (World Government Summit) çərçivəsində nazirlərin iştirakı ilə keçirilən “dəyirmi masa” da iştirak edib.
Dəyirmi masanın keçirilməsində əsas məqsəd Dördüncü Sənaye İnqilabı və COVID-19 pandemiyası, o cümlədən, onların dünya əmək bazarlarına və dövlət sektorlarına təsiri, habelə dövlət qulluğuna təsir edən və dövlət qulluğunu cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırmaq üçün həll edilməli olan mövcud problemlərin müzakirəsi olub. Müzakirə zamanı mövzu ilə bağlı Azərbaycanda olan mövcud vəziyyət tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sammit çərçivəsində V.Misirov Misir Ərəb Respublikasının Təşkilat və İdarəetmə üzrə Mərkəzi Agentliyinin (Central Agency for Organization and Administration) rəhbəri professor Saleh Abdel Rahman El-Şeyx ilə ikitərəfli görüş keçirib. Görüş zamanı Azərbaycanda və Misirdə dövlət qulluğu sahəsində qanunvericilik, aparılan islahatlar və dövlət qulluğuna qəbul haqqında geniş müzakirə aparılıb. Görüşün sonunda bu sahədə DİM və Təşkilat və Administrasiya Agentliyi arasında əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq haqqında razılığa gəlinib.
Sammitdə 110-dan çox sessiya və seminarlar təşkil olunub və 30-dan çox beynəlxalq təşkilatdan 110 məruzəçi və 4000-dən çox nümayəndə iştirak edib.
Qeyd edək ki, Dünya Hökumət Sammiti Təşkilatı dövlətlərin gələcəyini formalaşdırmağa həsr olunmuş qlobal, neytral, qeyri-kommersiya qurumudur. Sammit bəşəriyyətin üzləşdiyi problemləri həll etmək üçün innovasiya və texnologiyadan istifadəyə diqqət yetirərək gələcək nəsil hökumətlərin gündəliyini araşdırır.