Dövlət İmtahan Mərkəzinin Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) idarə heyətinin üzvü seçilib. V.Hüseyn 2022-2024-cü illər ərzində Assosiasiyanın gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi üzrə qərarvermə proseslərində iştirak edəcək.
Qeyd edək ki, IAEA 1977-ci ilin aprelində ABŞ-ın Nyu-Cersi ştatının Prinston şəhərində keçirilən beynəlxalq konfransda yaradılıb. Həmin ildən etibarən, təhsildə qiymətləndirmə sahəsində mövcud olan problemlər və onların həll yollarının araşdırılması məqsədilə 50-dən çox ölkədən olan nümayəndələr hər il təşkil olunan konfranslarda bir araya gəlir və müzakirələr aparırlar.
DİM biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və digər məsələlər üzrə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlıq edir.
Dövət İmtahan Mərkəzi (əvvəlki TQDK-nın fəaliyyəti də daxil olmaqla) 1999-cu ildən IAEA-nın daimi üzvüdür və iki dəfə təşkilatın illik konfransına ev sahibliyi edib.
2022-2024-cü illər üzrə IAEA-nın idarə heyətinə üzvlərin seçilməsi məqsədilə keçirilmiş seçki və nəticələri haqqında məlumat keçiddə verilib: https://iaea.info/board-of-trustees-elections-2021/