Dövlət İmtahan Mərkəzinin əməkdaşları sentyabrın 17-dən 21-dək Böyük Britaniyada Kembric Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti tərəfindən təşkil edilmiş təlim səfərində iştirak edirlər.
Səfərin əsas məqsədi Birləşmiş Krallıq təcrübəsində imtahanlarda fiziki məhdudiyyətli şəxslər üçün yaradılan şəraitlə tanış olmaq, tətbiq olunan xüsusi vasitələr haqqında öyrənmək və bu vasitələrin DİM-in keçirdiyi imtahanlarda istifadə imkanlarını araşdırmaqdır.
Görüşlərdə Böyük Britaniyanın müxtəlif dövlət qurumları (Keyfiyyət üzrə Şura, İngilərə Standartları və Yoxlama Agentliyi, yerli təhsil müəssisəsi) və Kembric Universitetinin nümayəndələri tərəfindən:
- dil imtahanları və xüsusi tələbləri olan namizədlər;
- xüsusi tələbləri olanlar üçün test tapşırıqlarının tərtibi və müəllimlərin hazırlığı;
- imtahanların təşkili;
- xüsusi tələbləri olanlar üçün siyasət və hüquqi mühit;
- imtahanların keçirilməsinə nəzarət və istifadə olunan test tapşırıqlarının monitorinqi və s. mövzularda təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi şərait yaradılır. İlk növbədə qaydalara əsasən, onlara imtahanda əlavə vaxt verilir. İmtahandan öncə həmin şəxslər Dövlət İmtahan Mərkəzinə müraciət edir və qeydiyyata alınırlar. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi imtahan zalları təşkil edilir və onların hər biri üçün imkanlarının məhdudluğu səviyyəsindən asılı olaraq ayrıca nəzarətçi təyin edilir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə 2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI qəbul edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. Proqramın həyata keçirilməsi üzrə "Tədbirlər planı"nda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) məqsədi ilə keçirilən buraxılış və monitorinq imtahanlarında, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.